Azərbaycanın İrandakı səfirliyinə edilən hücuma görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır. Bunu xarici işlər naziri Ceyhun Bayramov martın 1-də İran xarici işlər nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavini Mehdi Səfəri ilə görüşündə deyib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, C.Bayramov Azərbaycanın İrandakı səfirliyinə edilən xain hücumu törədənin, təşkilatçı və sifarişçilərinin müəyyən edilməsi və onların müvafiq şəkildə cəzalandırılmasının vacib olduğunu bildirib.
“Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin əhəmiyyətini bir daha vurğulayan XİN başçısı diplomatik nümayəndəliklərin binalarının, habelə onun əməkdaşlarının hər cur hücumlardan qorunmasının təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğunu diqqətə çatdırıb.
Nazir terror hücumunun təfərrüatlarının və videoçəkilişlərin tərəfimizdən incələndiyini, bu istiqamətdə istintaqın davam etdiyini, Azərbaycan tərəfində terrorla bağlı bir sıra mövcud sualların İran tərəfindən cavablandırılmasının zəruri olduğunu vurğulayıb.
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycan hökuməti terror aktı kimi qiymətləndirdiyi bu hadisədən sonra Tehrandakı səfirliyin bütün əməkdaşlarının və onların ailə üzvlərinin təxliyə edilməsi ilə bağlı qərar qəbul edib. Təxliyə yanvarın 29-da baş tutub.
Hazırda Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyət göstərmir.*
R.Kərimov