Bakı və Daşkənd $800 milyon dəyərində layihələr hazırlayır. Bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev deyib.
“Siz indi yeni layihələri qeyd etdiniz, sanki sadəcə görüşdük, amma buna çox ciddi hazırlaşırdıq. Layihələr $800 milyon dəyərindədir. İlham Heydər oğlu, bu, onu göstərir ki, əslində, bizim nəhəng potensialımız var”, - deyə Mirziyoyev martın 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.
O qeyd edib ki, neft-qaz sahəsində SOCAR-la böyük layihə hazırlanır. Artıq layihənin texniki-iqtisadi əsaslandırması hazırlanır.
Mirziyoyev əlavə edib ki, tezliklə avtomobil istehsalı üzrə ciddi nəticələr olacaq. “Bu, martda istehsalına başlanılacaq 3 min və sentyabrda buraxılacaq 7 min yeni marka avtomobillərdir. Bu, tamamilə başqa markadır, ayrı keyfiyyətdir. İkincisi, biz pambıq klasteri haqqında razılığa gəlmişik. Bizim hər iki komandamız artıq razılaşıb. Bunun üçün torpaq sahələri ayrılıb. Düşünürəm ki, biz burada danışdığımız nəticələri əldə edə bilərik. Bizdə ipəkçilikdə çoxlu problemlər var idi, onlar çox yaxşı həll olunur. Bizim ipəkçilik müəssisələrinin rəhbərləri mənə məruzə edirlər ki, onlar öz evlərində işləyirlər, deyirlər bizim üçün evdə bütün şərait yaradılıb. Biz məruzə etmişik ki, maşınqayırmada, həmçinin bütün məsələlər, preferensiyalar, parlament səviyyəsində həll olunur. Bu artıq onu göstərir ki, perspektivdə bizim bu sahələrdə də çoxlu birgə layihələrimiz olacaq”, - deyə Özbəkistan lideri qeyd edib.
“Düşünürəm ki, komandalar yaxşı işləyir. Onlar tez-tez görüşürlər, bu yaxınlarda yenə Özbəkistanda mühüm görüş olub. Həmçinin telefonla çox fəal ünsiyyətdə olurlar. Beləliklə, bütün istiqamətlər üzrə çox fəal qarşılıqlı fəaliyyət aparılır. Zənnimcə, ötən il münasibətlərimizin inkişafında rekord il olub. Mən üç dəfə Özbəkistana səfər etmişəm. Bu il Sizin səfərinizlə başlayır. Əminəm ki, bu il bir neçə görüş keçirəcəyik. Çünki müzakirə olunası çox məsələ, çoxlu mövzular var. Ən başlıcası, bizim qəbul etdiyimiz bütün qərarlar vaxtında və hətta düşünürəm ki, planlaşdırdığımızdan da böyük həcmdə yerinə yetirilir”, - deyə Əliyev qeyd edib.
O, Özbəkistan Prezidentinin təşəbbüsü ilə Qarabağda inşa edilən məktəb layihəsini xüsusi qeyd edib.
“Bu, xarici dövlət tərəfindən maliyyələşdirilən ilk xarici layihədir. Bu, Sizin tərəfinizdən keçmiş köçkünlərə hədiyyə edilən məktəbdir. Biz buna görə çox minnətdarıq. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Tikinti işləri sürətlə gedir. İnşallah, bu il birlikdə qeyd edəcəyik”, - deyə dövlət başçısı əlavə edib.*
R.Kərimov