BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil və təşkilatın sistemində islahatların aparılmasına ehtiyac var. Bunu Prezident İlham Əliyev deyib.
“Dünyada uzun illərdir müzakirə olunan digər mühüm məsələ BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun”, - deyə dövlət başçısı martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışında bildirib.
Onun sözlərinə görə, bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Əliyev Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa çağırıb.
Prezident Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəklədiyini bildirib.
Əliyev vurğulayıb ki, yeni dünya düzəni yenidən formalaşmaqdadır. “İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır”, - deyə dövlət başçısı əlavə edib.*
R.Əhmədov