Prezident İlham Əliyev martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində Liviya Dövləti Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi ilə görüşüb.
Prezident İlham Əliyev Azərbaycanla Liviya arasında siyasi əlaqələrin çox yaxşı olduğunu, ikitərəfli münasibətlərimizin inkişafı üçün geniş imkanların mövcudluğunu qeyd edib.
Ölkəsinin Azərbaycanla əlaqələrdə maraqlı olduğunu qeyd edən Məhəmməd Yunis Əl-Mənfi deyib ki, beynəlxalq gündəlikdə duran bir çox məsələlərə münasibətdə Azərbaycanın və Liviyanın mövqeləri üst-üstə düşür.
“Görüşdə münasibətlərimizin müxtəlif sahələrdə inkişafı üçün birgə səylərin davam etdirilməsinin vacibliyi bildirilib, bu xüsusda qarşılıqlı sərmayələr, tikinti, enerji sahələrində əməkdaşlığın önəmi qeyd olunub. Həmçinin Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsinin və beynəlxalq təşkilatlar çərçivəsində, habelə OPEK+ formatında əməkdaşlıq məsələsinin əhəmiyyətinə toxunulub”, - deyə dövlət başçısının saytında dərc olunmuş məlumatda bildirilir.*
X.Nəsirzadə