2023-cü ilin may ayında Ciddədə (Səudiyyə Ərəbistanı) İslam İnkişaf Bankının (İİB) illik toplantısı çərçivəsində tədbir keçirilə bilər. Bu tədbirdə “ASAN xidmət”in imkanlarının nümayiş etdirilməsi nəzərdə tutulur.
İİB-dən verilən məlumata görə, belə bir təqdimatın keçirilməsi təklifi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbərliyi çıxış edib.
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İİB-in 2023-cü ilin may ayında Ciddədə keçirilməsi planlaşdırılan illik toplantısı çərçivəsində paralel tədbirin təşkilində maraqlı olduğunu bildirib. Bu tədbir “ASAN xidmət”in uğurlarını nümayiş etdirmək üçün əla fürsət olacaq”, - deyə məlumatda qeyd olunur.
Azərbaycana səfəri zamanı İİB qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir və agentliyin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in təcrübəsinin İslam İnkişaf Bankının üzvü olan digər ölkələrə ötürülməsinin asanlaşdırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar.*
R.Kərimov