Xətai rayonunda yerləşən “Bravo” hipermarketdə silahlı insident törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb, ikinci cinayətkar məhv edilib.
KİV-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, ikinci cinayətkar polisə silahlı müqavimət göstərərkən zərərsizləşdirilib.
Xəbər verildiyi kimi, martın 4-də günorta saatlarında iki silahlı şəxs Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketdə inkassatorlara hücum edib. Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11 (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə), 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb.*
R.Əhmədov