Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağ iqtisadi rayonunda Ermənistanın təxribatları ilə bağlı bəyanatla çıxış edib.
“Bu kimi təcavüz aktı və təxribatlar Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini, Ermənistan tərəfindən sülh gündəliyi ilə bağlı fikirlərin riyakarlıqdan başqa bir şey olmadığını, Ermənistanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını bir daha nümayiş etdirir. Bu əməllər Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir”, - deyə bəyanatda bildirilir.
XİN qeyd edir ki, Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir.
“Bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”, - deyə XİN-in bəyanatında vurğulanır.*
A.Əzizov