ABŞ Dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono Cənubi Qafqaz ölkələri üzrə səfərini Azərbaycandan başlayaraq Bakıya gəlib. Bu barədə bazar ertəsi ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat verib.
“Bakıdakı səfirlik Qafqaz danışıqları üzrə baş məsləhətçi Luis Bononu Azərbaycanda salamlayır”, - diplomatik nümayəndəliyin məlumatında deyilir.
Bakıya səfəri əsnasında Bono Azərbaycan prezidenti İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşəcək.
“Bono Ermənistanla Azərbaycan arasında sülh prosesinin irəliyə çəkilməsi məqsədilə Bakıdadır”, - ABŞ-ın Bakıdakı səfirliyindən bəyan edilib.
Daha öncə Dövlət Departamentinin spikeri Ned Prays məlumat verib ki, bu həftə Bono Bakı, İrəvan və Tbilisiyə səfər edəcək, “o, Ermənistan və Azərbaycan arasında sülh prosesini və Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə davamlı sadiqliyimizi dəstəkləmək üçün hər üç ölkənin yüksək səviyyəli rəhbərliyi ilə görüşməyi planlaşdırır”.
Onun sözlərinə görə, regiona ilk səfər Bonona cari il fevralın 18-də Münhen Təhlükəsizlik Konfransında ABŞ dövlət katibi, Azərbaycan və Ermənistan liderləri arasında baş tutmuş dialoqu davam etdirmək imkanı verəcək.
Xəbər verildiyi kimi, 2022-ci ilin avqust ayında ABŞ Dövlət katibinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi vəzifəsinə təyin olunan Filip Riker cari ilin yanvar ayında bu postu tərk etdikdən sonra həmin yer vakant qalmışdı. 2023-cü il fevralın 1-də ABŞ Dövlət katibi Entoni Blinken Luis Bononun Qafqaz danışıqları üzrə baş məsləhətçisi vəzifəsinə təyin olunduğu barədə elan edib. **
R.Kərimov