ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məqsədilə Azərbaycan və Ermənistana köməyi davam etdirməyə hazırdır. Bu barədə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bazar ertəsi Bakıda jurnalistlərə bəyan edib.
"Sülh müqaviləsi dayanıqlı olmalıdır. Onun təşəbbüskarı ABŞ və ya digər dövlətlər deyil, məhz tərəflərin özləri olmalıdır”, - o qeyd edib.
Onun sözlərinə görə, vasitəçilik formatından asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında əlaqələrin olması Vaşinqton üçün vacibdir.
“Son hədəfimiz – Azərbaycanla Ermənistan arasında sülhə nail olmaqdır. Hər iki tərəf Münxendə görüş zamanı (2023-cü il fevralın 18-də - İF) sülh istədiklərini bəyan ediblər”, - o vurğulayıb.
Bono əlavə edib ki, sabah Ermənistana səfərə yola düşəcək. “Səfərimin (regiona - İF) məqsədi – tərəfləri dialoqa və yeni görüşə təşviq etməkdir”, - o bildirib. **
R.Əhmədov