2023-cü ilin yanvar-fevral aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 2 milyard 212 milyon 274,509 min manat təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 30,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
919 milyon 274,991 min manat (azalma 43,3%) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 450 milyon 46,326 min manat (artım 18,9%) olub. İlkin bazarda 325 milyon 127,288 min manatlıq, təkrar bazarda 124 milyon 919,038 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 469 milyon 228,665 min manat (azalma 2,7 dəfə) təşkil edib. İlkin bazarda 352 milyon 577,528 min manatlıq, təkrar bazarda 116 milyon 651,137 min manatlıq not yerləşdirilib.
Yanvar-fevralda BFB-nin ümumi dövriyyəsində 80 milyon 506,858 min manat (azalma 1,8 dəfə) korporativ bazarın, o cümlədən 1,19 milyon manat ilkin bazarın, 79 milyon 316,858 min manat təkrar bazarın payına düşüb.
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 45 milyon 599,123 min manat, sair korporativ istiqrazların yerləşdirilmə həcmi 33 milyon 937,29 min manat, səhmlərin yerləşdirilmə həcmi 970,444 milyon manat təşkil edib.
Hesabat aylarında BFB-nin ümumi dövriyyəsində 1 milyard 212 milyon 492,660 min manat (azalma 14,3%) repo əməliyyatlarının payına düşüb.
BFB-nin məlumatına görə, fevralın sonuna birjanın kapitallaşması 3 milyard 888 milyon 425,158 min manat təşkil edib ki, bu da 2023-cü ilin əvvəlinə olan göstəricidən 7,3% azdır.
Xəbər verildiyi kimi, 2022-ci ildə BFB-nin dövriyyəsi 14 milyard 947 milyon 984,521 min mnaat təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 2,3% azdır. 2021-ci ildə dövriyyə 18,6% - rekord 15,3 milyard manata çatıb. **
X.Nəsirzadə