Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qana Respublikasının xarici işlər və regional inteqrasiya naziri Şirley Ayorkor Botçvey ilə görüşüb.
“Görüş Qətərdə BMT-nin Ən az inkişaf etmiş ölkələr üzrə Beşinci Konfrans çərçivəsindəbaş tutub. Tərəflər ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq gündəliyinə daxil olan məsələlər barədə fikir mübadiləsi aparıblar və gələcək potensial əməkdaşlıq istiqamətlərini müzakirə ediblər”, - Azərbaycan XİN-in məlumatında deyilir.
Bayramov BMT Təhlükəsizlik Şurasının hazırkı qeyri-daimi üzvlərindən biri qismində Qanadan olan həmkarını post-münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, eləcə də regionda hazırkı təhlükəsizlik vəziyyəti barədə məlumatlandırıb.
“Azərbaycan XİN başçısı bildirilib ki, Ermənistan tərəfinin davam edən hərbi təxribatları, o cümlədən 5 mart tarixində baş vermiş insident bir daha göstərir ki, bu ölkə regionda davamlı sülhün əldə olunmasında və Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasında maraqlı deyil”, - məlumatda deyilir.
Görüşdə o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə edilib. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. **
N.Abbasova