Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır, əks təqdirdə Azərbaycan Qarabağ iqtisadi rayonunda qeyri-qanuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində zəruri tədbirlər görmək məcburiyyətində qalacaq.
“Təəssüf hissi ilə qeyd edirik ki, martın 6-da Rusiya Federasiyası Müdafiə Nazirliyi dünən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda (Qarabağ iqtisadi rayonu - İF) baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletendə faktları təhrif etmiş və həqiqəti əks etdirməyən məlumat yayıb”, - MN-nin bəyanatında deyilir.
Nazirlikdən vurğulanır ki, martın 5-də operativ məlumatlar əsasında Ermənistandan qanunsuz hərbi daşınmalar həyata keçirən erməni hərbi birləşmələrinin nəqliyyat vasitəsinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. “Nəqliyyat vasitəsinə yaxınlaşarkən avtomobilin içərisində olan erməni silahlı dəstəsinin üzvləri tərəfindən hərbi qulluqçularımız avtomat silahlardan atəşə tutulmuş və nəticədə iki hərbçimiz şəhid olub, biri isə yaralanıb. Cavab atəşi ilə qeyri-qanuni erməni dəstəsinin üç üzvü məhv edilib və biri yaralanıb.Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların "pasport və viza" xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyil”, - MN-dən qeyd olunur.
Bundan əlavə, insident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat da həqiqəti əks etdirmir. “Şəhidlərimizin və yaralı hərbçimizin ərazidən təxliyəsi hərbi qulluqçularımız tərəfindən həyata keçirilib”, - MN-dən vurğulanır.
Nazirliyin məlumatına əsasən, Üçtərəfli bəyanatın (10 noyabr 2020-ci il tarixli - İF) müddəalarına zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, təminat və digər hərbi vasitələrin daşınması davam etdirilir, eləcə də şəxsi heyətin rotasiyası həyata keçirilir. “Bu kimi qəbuledilməz halların qarşısının dərhal alınması məqsədilə Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməlidir”, - MN-dən qeyd olunur.
“Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin göndərilməsinə və rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaq”, - MN-nin bəyanatında deyilir.
Ümumilikdə, nazirlik Ermənistanın bu kimi əməllərini “hərbi təcavüzün davam etdirilməsi” kimi qiymətləndirir.
“Baş vermiş hadisələr və Ermənistanın ölkəmizin suveren ərazilərinə qanunsuz hərbi daşımaları davam etdirməsi Azərbaycan ərazisində olan Laçın yolunda nəzarət rejiminin təmin edilməsinin zəruriliyini bir daha təsbit edir”, - MN-dən vurğulanır. **
R.Əhmədov