1 yanvar 2023-cü il tarixinə olan vəziyyətə görə, Azərbaycanın ümumi təhsil müəssisələrində müəllimlərin 80%-dən çoxunu qadınlar təşkil edir. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilir.
Belə ki, DSK-nın məlumatına əsasən, ümumi təhsil müəssisələrində müəllimlərin 81,9%-i,orta ixtisas təhsil müəssisələrində 81,3%-i, ali təhsil müəssisələrində 57,4%-i qadınlardır.
Həmçinin, Komitədən qeyd olunur ki, ümumi təhsil müəssisələrində təhsilalanların 46,6%-ni, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,9%-ni, ali təhsil müəssisələri tələbələrinin 50%-ni qızlar təşkil edir.
Cari ilin yanvarın 1-nə qadınların ölkənin məşğul əhalisinin ümumi sayındakı xüsusi çəkisi 48,3% təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28%, fərdi sahibkarlar arasında – 22%-dir.
Statistik məlumatlara əsasən, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6% olduğu halda, 2022-ci ildə bu göstərici 11,8%-ə çatıb.
Azərbaycan parlamentində təmsil olunan qadın deputatların sayı 1990-cı ildə bütün deputatların 4,3%, 2000-ci ildə - 10,7% təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 18,6%-dək artıb.
2023-cü il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycan əhalisinin 50,2%-ni qadınlar təşkil edir. 2022-ci ildə Azərbaycanda doğulmuş 122,8 min körpədən 47,1%-i qız uşaqları olub. **
R.Əhmədov