Çərşənbə günü İran sərhədi yaxınlığında Azərbaycan ərazisində 4,2 bal gücündə zəlzələ baş verib. Bu barədə AMEA yanındakı Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Seysmoloqların operativ məlumatlarına əsasən, təkanlar yerli vaxtla saat 10:14-də Biləsuvar rayonu ərazisində qeydə alınıb.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimalda Biləsuvar rayonunda zəlzələ qeydə alınıb”, - məlumatda deyilir.
Zəlzələ episentrinin koordinatları 39°-43°Şimal enliyi, 48°-34° Şərq uzunluğu olub, dərinliyi 37 km təşkil edib.
Seysmoloqlar qeyd ediblər ki, yeraltı təkanlar ətraf rayonlarda 3 bala qədər hiss olunub. **
R.Kərimov