Azərbaycanda qızıl hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə 55 milyon manat ($32,3 milyon) həcmində kredit müqaviləsi imzalayıb.
“1 mart 2023-cü il tarixindən 31 dekabr 2030-cu il tarixinədək olan dövrü əhatə edən 7 illik kredit xətti “Anglo Asian”ın törəmə şirkəti olan Azerbaijan International Mining Company (AIMC) vasitəsilə bağlanıb. Kredit xətti çərçivəsində cəlb olunan vəsait AIMC-nin Azərbaycandakı biznes əməliyyatlarının dəstəklənməsi məqsədilə istifadə ediləcək”, - deyə “Anglo Asian Mining”in məlumatında bildirilir.
Ödəmə müddətindən asılı olaraq kreditin manatla faiz dərəcəsi 10-12%, ABŞ dolları üzrə isə 5,5-7% təşkil edir. 2024-cü ilin yanvarın 1-dən isə yerli bazar şərtləri nəzərə alınmaqla və ABŞ Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsini artırmasından asılı olaraq hər bir artım üzrə kredit faizləri 0,5% artırıla bilər.
“Müqavilə “Anglo Asian”ın ortamüddətli inkişaf planlarının həyata keçirilməsində daha bir vacib addımdır və onun mis hasilatına yönəlmiş orta səviyyəli mədən şirkətinə çevrilməsi inkişafın pik həddi olacaq”, - deyə məlumatda qeyd olunur.
“Kredit xətti təminatsız əsasda bağlanıb ki, bu da Azərbaycanın yerli maliyyə müəssisələrinin biznesimizə etimadından xəbər verir. Tədqiqat və işlənmə mərhələsində olan aktivlər portfelimizdə mühüm potensial müşahidə edirik və bu əlavə kapital dəstəyi sayəsində şirkətin daha da inkişaf edəcəyinə ümid edirik”, - deyə şirkətin baş direktoru Reza Vəziri bildirib.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın səhmdarları 1763 hüquqi və fiziki şəxsdir: səhmlərin 96,37 %-i dövlətə məxsusdur. ABB-nin kapitalında Maliyyə Nazirliyinin payı 92,56%, Əmlak Məsələləri Dövlət Xidmətinin payı 3,81% təşkil edir. Bundan başqa, bankın kapitalında 3,06% fiziki şəxslərə (minoritar səhmdarlara), 0,23% “Aqrarkredit” QSC-yə, 0,34% digər hüquqi şəxslərə məxsusdur.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. Bu il “Vejnəli”, “Gilar” və “Zəfər” yataqlarından hasilata başlanılması planlaşdırırlır.
2022-ci ildə AAM Azərbaycanda 43,114 min unsiya qızıl (2021-ci illə müqayisədə azalma 11,4% - İF), 182,046 min unsiya gümüş (artım 17,8%) və 2,516 min ton mis (azalma 5%) hasil edib. 2022-ci ildə dünya bazarlarında bir unsiyası $1,783 min olan 34,918 min unsiya qızıl külçə (azalma 11,7%) satılıb.
2023-cü ildə “Anglo Asian Mining” qiymətli metal hasilatını 50-54 min unsiya qızıl ekvivalentində proqnozlaşdırır. Bundan başqa, şirkət bu il qızıl hasilatını 30 min unsiyadan 32 min unsiyaya qədər, mis hasilatını 4,1 min tondan 4,3 min tona qədər həcmdə gözləyir.
Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, 3 yeni müqavilə bloku “Anglo Asian Mining”in sərəncamına verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.*
N.Abbasova