“Azərbaycan Dəmir Yolları” QSC (ADY) mart ayının 18-dən etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə sürətli qatarla sərnişin daşımalarına başlayır.
“ADY martın 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutunu Ağstafa stansiyasına qədər uzadaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımalarını həyata keçirəcək. Beləliklə, sərnişinlər Bakıdan Ağstafaya 2020-ci ilin martına qədər fəaliyyət göstərən sərnişin qatarı ilə 8 saata çatdırılırdısa, artıq bu məsafə 4 saat 55 dəqiqəyə qət olunacaq”, - cəmiyyətin məlumatında deyilir.
Bildirilib ki, marşrut xəttinin uzadılması Tovuz stansiyasında da fəaliyyətin təmin olunmasına imkan yaradır.
Hərəkət cədvəlinə gəlincə sürətli sərnişin qatarı hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşərək saat 13:40-da mənzil başına çatacaq. Ağstafa-Bakı marşrutu üzrə isə qatar hər gün saat 17:10-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:05-də çatacaq. Sürətli sərnişin qatarının müvafiq marşrut üzrə orta sürəti 100 kilometr/saat təşkil edəcək.
Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün yerlərdə 17 manat, Bakı-Tovuz istiqaməti üçün isə 16 manat təşkil edir. Biletlər 10 mart tarixində satışa çıxarılıb.
Uzunluğu 459 kilometr olan Bakı-Ağstafa-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.
“Azərbaycan da daxil olmaqla MDB-də qüvvədə olan dəmir yollarının sürət normativlərinə əsasən, sərnişin qatarının orta sürəti 50-90 kilometr/saat təşkil edərsə, bu, sürət qatarı, 91 kilometr/saatdan artıq olduqda isə sürətli sərnişin qatarı hesab olunur. ADY MDB Dəmir Yolları Şurasının üzvü olduğundan öz fəaliyyətində həmin Şuranın normativlərinə istinad edir”, - məlumatda deyilir. **
N.Abbasova