Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simsonməlumat verib ki, 2022-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrinə qaz tədarükündə Azərbaycanın payı 1 f.b – 3,4%-dək artıb.
“2021-ci ildə Aİ-yə ümumi qaz idxalında Azərbaycandan tədarükün payı 2,4%, 2022-ci ildə - 3,4% təşkil edib”, - “İnterfaks-Azərbaycan” cümə günü Simsonun bəyanatından sitat gətirir.
O, həmçinin qeyd edib ki, Avropa Komissiya Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) hazırlanmasının nəticələrini gözləyir və əlavə edib ki, AK bunu dəstəkləməyə hazırdır.
Xəbər verildiyi kimi, 2022-ci ldə Azərbaycan ixracın həcmini 18% - 22,3 milyard kubmetrə qədər artırıb. Avropaya 11,4 milyard kubmetr qaz (2021-ci illə müqayisədə artım 39%) ixrac olunub.
2023-cü ildə qaz ixracının 24 milyard kubmetr təşkil edəcəyi planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.
Hazırda Aİ-də Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.
2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” saziş imzalanıb. Saziş Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutur. Söhbət enerji ötürmə gücü 1000 MVt olan 1195 km uzunluğunda elektrik verilişi xəttinin tikintisindən gedir. Kabel Azərbaycanda istehsal edilən elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılaraq, Macarıstana və Avropanın qalan hissəsinə nəql edilməsi üçün nəzərdə tutulacaq.
Hazırda layihə üzrə işlər 2023-cü ilin sentyabrında başa çatdırılması planlaşdırılan texniki-iqtisadi əsaslandırmanın hazırlanması mərhələsinə keçib. Xətt 3-4 il ərzində çəkiləcək.
Avropa Komissiyası dünyada ən uzun kabelin çəkilməsi üçün 2,3 milyard avro ayırmağı planlaşdırır. **
R.Kərimov