“Azərbaycan Hava Yolları”nın (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Cenevrədə keçirilən hava hərəkətinin idarə edilməsi üzrə beynəlxalq “Airspace World” sərgisi çərçivəsində bir sıra sazişlər imzalayıb.
Xüsusilə, imzalanmış sazişlər aşağıdakılardır:
Uçuşların təhlükəsizliyinin və səmərəliliyinin artırılması, onların ətraf mühitə təsirini azaldan tətbiqlər üçün qabaqcıl aviasiya böyük məlumat analitikasının inkişafı sahəsində Aireon ilə tərəfdaşlıq sazişi;
Daha yüksək səviyyəyə nail olmaq üçün aeronaviqasiya məlumatlarının rəqəmsallaşdırılmasının təkmilləşdirilməsinə yönəlmiş AZANS və NG Aviation arasında əməkdaşlıq haqqında;
“Azəraeronaviqasiya” HHİ-nin dispetçerlərin nəzəri və praktiki hazırlığının təmin edilməsi məqsədilə Almaniya Aeronaviqasiya Akademiyasının Milli Aviasiya Akademiyasında filialının yaradılması;
Çoxfunksiyalı, iri həcmli və real hava hərəkəti şəraitində hava hərəkəti dispetçerlərinin bacarıqlarının təkmilləşdirilməsinə imkan yaradan 360 3D-Tower və ACC/APP müasir təlim kompleksinin əldə edilməsi haqqında. Simulyator kompleksinin alınmasına dair müqavilə UFA ilə imzalanıb.
Sərgi çərçivəsində AZAL (AZANS) və Aireon, INDRA, DFS/UFA, NG Aviation, VIBE, DG EUROCONTROL, Leonardo, ERA təşkilatlarının nümayəndələri arasında əməkdaşlıq üzrə səmərəli görüşlər və danışıqlar aparılıb.
“Azərbaycanın aeronaviqasiya infrastrukturunun inkişafı üzrə gələcək əməkdaşlığın məqsədləri; Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, Laçında tikilməkdə olan üçüncü beynəlxalq hava limanının naviqasiya sistemlərinin təchiz edilməsi imkanları müzakirə edilib”, - məlumatda deyilir. **
B.Rüstəmbəyov