Azərbaycan hökuməti reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi üçün yaxın günlərdə Bakıda Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün keçirilməsini planlaşdırır.
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur”, - deyə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatında bildirilir.
Xatırladaq ki, Qarabağın erməni icması ilə birinci görüş martın 1-də baş tutub. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.*
R.Əhmədov