Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakı və Nyu-Dehli arasında 2023-cü ildə birgə hökumətlərarası komissiyanın altıncı iclasının keçirilməsi ilə bağlı razılığın əldə olunduğunu bildirib.
“Biz bu il birgə iqtisadi komissiyanın (Azərbaycan-Hindistan Hökumətlərarası – İF) iclasının keçirilməsi ilə bağlı razılığa gəlmişik”, - deyə o, “Observer Research Foundation” (ORF) analitik mərkəzinin vitse-prezidenti Harş Panta müsahibəsində bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, müsahibənin video versiyası ORF-nin YouTube-kanalında yerləşdirilib.
E.Məmmədovun sözlərinə görə, son illərdə Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb və 2022-ci ildə $2 milyarda yaxınlaşıb.
Nazir müavini qeyd edib ki, 2022-ci ilin yekunları üzrə Hindistan Azərbaycan neftinin ən iri idxalçılarının üçlüyünə daxil olub. O əlavə edib ki, ötən il Azərbaycandan Hindistana 2 milyon tondan çox neft ixrac edilib.
Azərbaycan və Hindistan arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası sonuncu dəfə 11-12 oktyabr 2018-ci il tarixlərində Nyu-Dehlidə keçirilib. Komissiyanın Azərbaycan tərəfdən həmsədri ekologiya və təbii sərvətlər naziridir.*
R.Kərimov