Azərbaycan Avropada qaza olan tələbatın artması ilə əlaqədar qaz kəmərlərinin ötürmə qabiliyyətini genişləndirməyi planlaşdırır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq. 16 milyard kubmetr tutumu olan TANAP-ın 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ın isə 20 milyard kubmetrədək genişləndirilməsi planlaşdırılır”, - Əliyev bazar ertəsi Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.
Dövlət başçısı bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub. “Biz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün hər şeyi edirik. Bizim qaz təchizatımızın artıq kifayət qədər şaxələndirilmiş coğrafiyası var”, - prezident vurğulayıb.
Onun sözlərinə görə, bir ildən az vaxt bundan əvvəl Azərbaycan Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb.
“Nailiyyətlərimizin bu cür qiymətləndirilməsi böyük şərəfdir. (…) biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik”, - Azərbaycan prezidenti əlavə edib. **
R.Əhmədov