Azərbaycan prezidenti İlham Əliyev dəniz limanlarının və dəmir yolu infrastrukturunun ötürmə imkanlarının genişləndirilməsi sahəsində Almaniya şirkətləri ilə əməkdaşlığa ümidvar olduğunu qeyd edib.
“Biz enerji satışından əldə etdiyimiz vəsaiti, yəni, neft və qaz gəlirlərini nəqliyyat infrastrukturuna yönəltmək üçün çox gərgin işləmişik. Hazırda buna demək olar ki, nail olunub”, - Əliyev bazar ertəsi Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi nəticəsində Azərbaycanın nəqliyyat infrastrukturuna tələbat artır. “Ötən il tranzit yüklərimizdə 75%-dən çox artım olub və hətta bizim nisbətən yeni tikilmiş yükaşırma imkanı 15 milyon ton olan dəniz ticarət limanında müəyyən tıxac yaranıb. Bir sözlə, biz çox ürəkdən çalışırıq və əlavə maliyyə vəsaitlərini ayırırıq ki, dəniz limanımızın və dəmir yolu infrastrukturunun imkanlarının artırılması baş tutsun. Əlbəttə ki, bütün bunlar icra olunmalıdır. Təbii ki, ümidvarıq, Almaniya şirkətləri bu sahədə bizim tərəfdaşlarımız olacaqlar”, - Azərbaycan prezidenti əlavə edib. **
R.Əhmədov