Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycan prezidenti İlham Əliyev və Aİ Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən görüşlərin “Brüssel formatı” effektiv olmayıb.
Çərşənbə axşamı mətnuat konfransında Paşinyan bildirib ki, “Brüssel formatı” effektiv olmayıb, çünki əldə olunmuş razılıqlar yerinə yetirilməyib.
Onun rəyinə görə, 2022-ci ilin oktyabr ayında Praqada Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron və Aİ Şurasının prezidenti Şarl Mişel ilə görüş əksinə “ən effektivlərdən biri olub”.
Həmin zaman Ermənistan və Azərbaycan BMT-nin Nizamnaməsi və 1991-ci il tarixli Alma-Atı Bəyannaməsinə sadiq olduqlarını təsdiqləyiblər, bununla da hər iki tərəf biri-birinin ərazi bütövlüyü və suverenliyini tanıyıb.
İndi isə Paşinyan Azərbaycana təklif edir ki, Almaniya və ya ABŞ-ı dəvət edərək “Praqa formatı”nı genişləndirsin. “Əgər Fransanın mövqeyi Azərbaycanın xoşuna gəlmirsə, o zaman formatı genişləndirək – Almaniya və ya ABŞ-ı dəvət edək”, - o vurğulayıb.
Mişelin təşəbbüsü ilə Brüsseldə Əliyev ilə Paşinyan arasında dörd dəfə danışıqlar aparılıb. Sonuncu dəfə danışıqlar 2022-ci il avqust ayında baş tutub. **