2023-cü ilin yanvar-fevral ayılarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8 milyard 216,7 milyon manatlıq istehlak malları satılıb ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 2,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə istehlakçılara 4 milyard 177,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə artım 2,3%), 3,6 milyard manatlıq qeyri-ərzaq malları (artım 3,5%) satılıb.
2023-cü ilin yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,8%-i ərzaq məhsullarının, 5,4%-i içkilər və tütün məmulatlarının, 14,8%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5%-i avtomobil benzini və dizel yanacağının, 4,6%-i elektrik malları və mebellərin, 2,6%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,8%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2023-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,3%, fərdi sahibkarlar üzrə 2,3%, bazar və yarmarkalarda 3,8% artıb.
Hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 228 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 177,5 manatlıq qeyri-ərzaq malları alıb.
2022-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 3,1% artırıb.**
B.Rüstəmbəyov