2022-ci ildə Azərbaycanın beynəlxalq hava limanları 5,3 milyondan çox sərnişinə xidmət göstərib. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycanın beynəlxalq hava limanları 2,93 milyon sərnişinə xidmət göstərib. Beləliklə, 2022-ci ildə bu göstəricinin artımı 1,8 dəfə təşkil edib.
“2022-ci ilin yekunları üzrə Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin axını 5,3 milyon nəfəri ötərək pandemiyadan öncəki səviyyəyə yaxınlaşıb”, - məlumatda deyilir.
AZAL-ın məlumatına görə, 2023-cü ilin əvvəlindən sərnişin daşımalarında yüksək dimanika müşahidə olunur. Xüsusilə, 2023-cü ilin yanvar-fevral ayları ərzində bu göstərici təxminən 790 min nəfərə çatıb. “Fevral ayında ölkənin bütün beynəlxalq hava limanlarının sərnişin axını 367 min nəfər təşkil edib, bu da pandemiyadan əvvəlki səviyyədən yüksəkdir”, - cəmiyyətdən vurğulanıb.
2023-cü ilin fevral ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 25 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin “Turkish Airlines”, “Aeroflot”, “Utair”, “Azimuth” və “WizzAir” aviaşirkətləri ilə daşınıb.
Fevral ayı ərzində Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi, Mineralnıye Vodı, Ciddə, Şarja, Ankara və Daşkənd daxil olub. Ümumilikdə bu istiqamətlər üzrə 193 min sərnişinə xidmət göstərilib. **
N.Abbasova