11 ayın yekunları (2022-ci il martın 21-dən 2023-cü il fevralın 19-dək) üzrə Azərbaycanla İran arasında ticarət dövriyyəsi $636,55 milyon təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 20,65% çoxdur.
“İnterfaks-Azərbaycan” agentliyi İranın “Financial Tribune” qəzetinə istinadən xəbər verir ki, İranın Gömrük İdarəsinin (IRICA) məlumatına əsasən, hesabat dövründə Bakı və Tehran arasında qarşılıqlı ticarətin həcmi 715,780 min ton (azalma 8,08%) təşkil edib.
2022-ci ilin mart ayından 2023-cü ilin fevral ayına qədər Azərbaycan Xəzəryanı dövlətlər arasında Rusiyadan ($1,97 milyard məbləğində (azalma 0,57%) 3,36 milyon ton (azalma 21,76%)) sonra İranın ikinci əsas ticarət tərəfdaşı olub.
Daha sonra $435,73 milyon məbləğində (artım 32,18%) 1,2 milyon tonla (azalma 4,63%) Türkmənistan və $292,99 milyon məbləğində (artım 32,22%) 709,016 min tonla (artım 13,61%) Qazaxıstan gəlir.
Statistikaya görə, hesabat dövründə İranın bütün Xəzəryanı dövlətlərlə ticarətinin həcmi (xam neft ixracı istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,91% artaraq 5,99 milyon ton ($3,34 milyard) təşkil edib.
Hesabat dövründə İranın ixracı 3,58 milyon tonu ötərək (artım 3,39%) $1,86 milyard (artım 24,29%) təşkil edib.*
R.Kərimov