Avropa İttifaqı (Aİ) Brüsseldə mühüm tərəfdaş hesab edilən Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bunu Aİ-nin qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheli Strasburqda Avropa Parlamentinin plenar iclasında deyib.
“Azərbaycan Aİ-nin mühüm tərəfdaşıdır. Nəticə etibarilə biz xüsusilə enerji, islahatlar, ticarət və investisiyalar sahəsində yaxşı əməkdaşlığımızı davam etdirməkdə maraqlıyıq”, - deyə o bildirib.
Varheli qeyd edib ki, Aİ və Azərbaycan strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqları davam etdirir. “Biz əvvəlki kimi danışıqları tezliklə başa çatdırmaq üçün onları davam etdirməyə sadiqik”, - deyə Avropa komissarı vurğulayıb.
2022-ci il iyulun 18-də Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan Varheli Brüssel və Bakı arasında enerji sahəsində əməkdaşlığın intensivləşdiyini bildirib. Onun sözlərinə görə, bu gün bu əməkdaşlıq enerji resurslarının Avropaya tədarükünün şaxələndirilməsi və yeni, etibarlı enerji mənbələrinə çıxışın təmin edilməsi baxımından hər zaman olduğundan daha vacibdir.
Avropa komissarı əlavə edib ki, kommunikasiya və energetika Aİ-nin Azərbaycan iqtisadiyyatına 2 milyard avroya qədər dövlət və özəl investisiyaların cəlb edilməsinə yönəlmiş iqtisadi və investisiya planının əsas elementləridir.
Varheli Ukraynadakı böhran fonunda Aİ-nin Azərbaycanla kommunikasiya sahəsində əməkdaşlığının vacibliyini qeyd edib. “Bu kontekstdə biz Azərbaycanın Ukraynaya göstərdiyi mühüm yardımı alqışlayırıq”, - deyə o bildirib.*
R.Kərimov