Avropa İttifaqında (Aİ) Ermənistanı və Azərbaycanı fikir ayrılıqlarının həlli üçün «tarixi fürsətdən» istifadə etməyə və danışıqlar masasına qayıtmağa çağırırlar.
“Biz hər iki ölkənin liderlərinin (Ermənistan və Azərbaycanın - İF) bu münaqişənin tam həlli məqsədilə tarixi fürsətdən istifadə etməyə və məzmunlu dialoqa qayıtmağa çağırırıq”, - Aİ-nin qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheli Strasburqda Avropa Parlamentinin plenar iclasında deyib.
“Bir çox vacib məsələlər təcili həllər tələb edir”, - “İnterfaks-Azərbaycan” Varhelinin sözlərindən sitat gətirir.
O, (Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin - İF) Azərbaycan və Ermənistan başçılarının sülh prosesinə, o cümlədən gələcək sülh müqaviləsinə və sərhədlərin delimitasiyasına dair bütün məsələlərə dair dialoquna kömək etməyə yönəlmiş səylərini tam dəstəklədiyini bildirib.
Avropa komissarının sözlərinə görə, Aİ “gərginliyin azalması və sülh prosesinin dəstəklənməsi məqsədilə” Ermənistanda missiyaya (EUMA) başlayıb.
“Bu, regionda sabitliyin və Aİ-nin rolunun möhkəmlənməsi üçün vacib addımdır”, - o hesab edir.
«Biz bundan sonra da sülh prosesinə köməklik etmək və ya humanitar və minatəmizləmədə yardım vasitəsilə Azərbaycanı dəstəkləməyə hazırıq», - Varheli vurğulayıb. **
R.Kərimov