2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan qaz ixracını 13% - 4,3 milyard kubmetrədək artırıb. Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“İnterfaks-Azərbaycan”ın məlumatına əsasən, Şahbazov Twitter hesabında yazıb ki, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan qazının Avropaya ixracı 1,9 milyard kubmetr və ya Azərbaycandan bütün tədarükün 44%-ni təşkil edib.
Türkiyəyə ixrac 1,7 milyard kubmetr (bütün ixracın 40%-ni), Gürcüstana – 0,7 milyard kubmetr (bütün ixracın 16%-ni) təşkil edib. Həmçinin hesabat dövründə TANAP qaz kəməri ilə nəqlin həcmi 0,9 milyard kubmetr qaz təşkil edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan ixracın həcmini 18% - 22,3 milyard kubmetrə qədər artırıb.Avropaya 11,4 milyard kubmetr qaz (2021-ci illə müqayisədə artım 39%) ixrac olunub.
2023-cü ildə qaz ixracının 24 milyard kubmetr təşkil edəcəyi planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.
Hazırda Aİ-də Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır. **
N.Abbasova