2022-ci ildə “AzerGold” QSC-nin həyata keçirdiyi qazma işlərinin həcmi 84,4 min metr təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 3% çoxdur. Bu barədə cəmiyyətdən məlumat verilib.
Buruqqazmanın ümumi həcmindən 53 metr - əlvan metallar və 31 min metr - qara metalların payına düşüb.
“2022-ci il ərzində qazma işlərinin göstəriciləri Azərbaycanın dağ-mədən sənayesi üçün rekord həcmdir”, - “AzerGold” vurğulayır.
Qeyd olunur ki, 2017-2022-ci illərdə cəmiyyət tərəfindən 305 min metrdən çox qazma işləri aparılıb, həmçinin 252 min metr əlvan metallar üzrə və 53 min metr qara metallar üzrə qazma işləri görülüb.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. “AzerGold” Azərbaycanda qızıl və gümüş hasilatı ilə məşğul olan iki şirkətdən biridir.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.**
N.Abbasova