Cümə axşamı Azəri Mərkəzi Şərqi (AMŞ) platformasının dayaq bloku “STB-1” barjı ilə dənizə göndərilib. Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat xidmətindən məlumat verilib.
“Heydər Əliyev” adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa edilmiş Azəri-Mərkəzi-Şərqi (AMŞ) platformasının ASCO-nun “STB-1” barjına yüklənmiş dayaq bloku 16 mart 2023-cü il tarixində dənizə yola salınıb. Dayaq blokunun çəkisi 16 min ton, hündürlüyü 153 metrdir”, - məlumatda deyilir.
Məlumata əsasən, platformanın quraşdırılması işlərinə ASCO-nun 2,5 min ton yükqaldırma qabiliyyətinə malik “Azərbaycan” kran gəmisi cəlb ediləcək.
Xəbər verildiyi kimi, BP şirkəti 2023-cü ilin I yarısında “Azəri Mərkəzi Şərqi” layihəsi çərçivəsində yeni hasilat platformasının dayaq bloku və yuxarı tikililərini dənizə göndərməyi planlaşdırır. MŞA layihəsi çərçivəsində ilk neftin hasilatı 2024-cü ilin birinci rübündə planlaşdırılır.
AMŞ layihəsi AÇG yataqlar blokunun işlənməsinin növbəti mərhələsidir. Layihə çərçivəsində 48 quyunun qazılması planlaşdırılır. Bu işləri TURAN Drilling Company şirkəti həyata keçirəcək.
Bu layihənin məqsədi əlavə quyular qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla, gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.
19 aprel 2019-cu il tarixində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsinin səhmdarları “Azəri Mərkəzi Şərqi” layihəsi üzrə yekun investisiya qərarı imzalayıblar. Layihənin dəyəri $6 milyard təşkil edir. Bunun təxminən $3,2 milyardı tikinti işlərinə xərclər, qalanı – yeni quyuların qazılması daxil olmaqla, işlənmə xərclərinin payına düşür.
Layihə suyun 137 metr dərinliyində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasının tikintisini nəzərdə tutur.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb. Blokda neft hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb. Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “MOL” (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
2022-ci ildə AÇG blokundan təxminən 152 milyon barel neft (20 milyon ton) hasil edilib. 2022-ci ildə bu müqavilə sahısindən nüft hasilatı barel ilə 9% azalıb. Hasilat 6 platformadan həyata keçirilir. **
N.Abbasova