Ermənistan Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayındığına görə məsuliyyət daşımalıdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“2022-ci ildə (oktyabrda - İF) Praqa və Soçidə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır”, - Əliyev cümə axşamı Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.
Eyni zamanda, dövlət başçısı qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır.
“Həmçinin, Ermənistan Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. Bununla da 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır, - Azərbaycan prezidenti vurğulayıb.
Əliyev məlumat verib ki, Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. “Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir”, - prezident deyib.
“Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir”, - Əliyev əlavə edib. **
B.Rüstəmbəyov