Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) cümə axşamı beynəlxalq ictimaiyyəti mina partlayışları nəticəsində azərbaycanlıların həlak olmasına münasibət bildirməyə və Ermənistandan öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırıb.
“Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə (Azərbaycan ərazilərində - İF) göz yummamağa və Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırırıq”, - XİN-in bəyanatında deyilir.
XİN-dən qeyd olunur ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində minaların basdırılması “Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir”.
Cümə axşamı Daxili İşlər Nazirliyindən məlumat verilib ki, Ağdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər. Nazirlikdən bildirilib ki, 1999-cu il təvəllüdlü İsrail Həsənov və 1987-ci il təvəllüdlü Həsənov Amid heyvan otararkən minaya düşüblər.
Xəbər verildiyi kimi, son 30 il ərzində Azərbaycanda Ermənistan tərəfindən basdırılmış mina partlaması zamanı xəsarət alan və həlak olan şəxslərin sayı 3 min 300 nəfərdən çoxdur. Onlardan 280 nəfərdən çoxu 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra minaya düşüb. **
R.Əhmədov