Azərbaycan Mərkəzi Bankı 2023-cü ildə bank nəzarəti və requlyativ tənzimlənmə üzrə fəaliyyət prioritetlərini müəəyyən edib.
“İnterfaks-Azərbaycan”a AMB-dən məlumat verilib ki, 2023-cü ildə bank nəzarəti və requlyativ tənzimlənmə üzrə fəaliyyət prioritetləri əsasən 4 istiqaməti əhatə edəcək: bank sisteminin dayanıqlığının təmin edilməsi; kapital və likvidlik tələblərinin Bazel IIIə uyğunlaşdırılması; korporativ idarəetmə, risk idarəetməsi və daxili nəzarət funksiyasının gücləndirilməsi; nəzarət hesabatlığının təkmilləşdirilməsi, yeni texnoloji imkanların tətbiqi.
Kənar risklərin artımı fonunda çevik requlyativ və nəzarət reaksiyası davam etdiriləcək. Bu istiqamətdə makroiqtisadi fonun (inflyasiya, əhalinin izafi borclanması və s.) davamlı monitorinqi ilə yanaşı bank sektorunda və fərdi banklarda kredit riskinin konsentrasiyasına, bankların kredit portfeli keyfiyyətinə intensiv nəzarət davam etdiriləcək.
Bundan başqa, maliyyə xidmətlərinin rəqəmsallaşması, məsafədən təqdim olunan bank məhsullarının payının və nağdsız ödənişlərin həcminin artması nəzərə alınmaqla əməliyyat riskinin idarə edilməsi üzrə requlyativ çərçivənin təkmilləşdirilməsi nəzərdə tutulur.
Eyni zamanda, banklarda risklərin proqnozlaşdırılması və idarə edilməsi prosesləri, o cümlədən stress-testlərin aparılması xüsusi diqqətdə saxlanılacaqdır. Mərkəzi Bank tərəfindən bankların stress-testlərində istifadə edilən test modelinin keyfiyyətinin, habelə stress-test nəticələrinə əsasən bankların çıxış strategiyalarının qiymətləndirilməsi və banklara stress-testləşmə ilə bağlı metodoloji dəstək davam etdiriləcək.
AMB-nin məlumatına görə, requlyativ tənzimləmə çərçivəsinin Bazel III standartlarına uyğunlaşdırılması üzrə işlər davam etdiriləcək.
“Bu istiqamətdə bankların requlyativ kapitalın strukturuna və adekvatlığına dair mövcud requlyativ çərçivənin Bazel III tələbləri ilə sinxronizasiyası nəzərdə tutulur. Yeni kapital strukturu və Bazel III standartlarına uyğun kapital buferlərin tətbiqi üzrə formalaşdırılmış təkliflər bank sektorunda ətraflı müzakirə ediləcək və müvafiq simulyasiyalar aparılacaqdır. Kapital strukturunun Bazel III-ə uyğunlaşdırılması nəticəsində sistem risklərinin daha dolğun şəkildə kapital ilə absorbsiyası və protsikliyin məhdudlaşdırılmasına nail olunacaq”, - bankda hesab edirlər.
Bundan başqa, banklarda likvidlik riskinin idarə edilməsi üzrə yeni requlyativ çərçivənin tətbiqinə başlanması planlaşdırılır. Likvidlik mövqeyinin daha effektiv ölçülməsi məqsədilə Bazel III standartlarına uyğun olaraq, borcalanın tarixi davranışına əsaslanan likvidliyin örtülməsi əmsalı (LCR) tətbiq ediləcək.
AMB-dən qeyd olunur ki, banklarda korporativ idarəetmənin gücləndirilməsi və bank sektorunda korporativ idarəetmənin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə müvafiq standartlar yenidən işlənilir. Yenilənmiş Standartlarda bankların nəzarət və idarəetmə orqanlarının səlahiyyət və vəzifələrinə yenidən baxılması, həmçinin, daxili nəzarət, risklərin idarə edilməsi, komplayens və daxili audit üzrə requlyativ tələblərin gücləndirilməsi nəzərdə tutulur.
Banklarda aparılacaq yoxlamalar zamanı korporativ idarəəetmə standartlarının tətbiqi, o cümlədən risk menecment diqqətdə saxlanacaq.
Bundan əlavə, AMB tərəfindən nəzarət hesabatlığının təkmilləşdirilməsi və yeni texnoloji imkanların tətbiqi üzrə işlər davam etdiriləcək. Bu istiqamətdə mövcud prudensial hesabatlıq sisteminin yeni requlyativ tələblərə uyğunlaşdırılması, sistemin əhatəliyinin və avtomatlaşdırılmasının artırılması nəzərdə tutulur. **
X.Nəsirzadə