Cümə axşamı "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov İtaliyanın “Leonardo” konserninin Baş Kommersiya İdarəsinin beynəlxalq marketinq və strateji kampaniyalar üzrə baş vitse-prezidenti Marko Buratti ilə görüşüb.
“Görüş zamanı mülki aviasiya sahəsində əməkdaşlığın perspektivləri və bir sıra aktual məsələlər nəzərdən keçirilib. Xüsusilə, tərəflər ölkənin işğaldan azad edilmiş ərazilərində tikilmiş beynəlxalq hava limanlarında radiolokasiya stansiyasının, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni avtomatlaşdırılmış baqaj idarəetmə sisteminin təchiz edilməsi, o cümlədən donanmanın “Agusta” tipli helikopterlərlə genişləndirilməsi və onlara texniki xidmətin göstərilməsi imkanlarını müzakirə ediblər”, - AZAL-ın məlumatında deyilir.
Əsgərov və Buratti birgə layihələr və təşəbbüslər vasitəsilə səmərəli əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd ediblər. Həmçinin, Azərbaycan mülki aviasiyasının müxtəlif istiqamətlərində tərəfdaşlığın inkişaf aspektləri barədə fikir mübadiləsi aparıblar və uzunmüddətli tərəfdaşlığa hazır olduqlarını bildiriblər.
Cəmiyyətin məlumatına görə, “Leonardo” konserni 2006-cı ildən AZAL ilə sıx əməkdaşlıq edir. Əməkdaşlıq dövrü ərzində bir çox layihələr, o cümlədən təyyarələrin, helikopterlərin və s. tədarükü həyata keçirilib. Son illərin layihələri arasında Azərbaycanın azad edilmiş ərazilərində inşa edilmiş beynəlxalq hava limanlarında naviqasiya sisteminin və hava gəmilərinin eniş sisteminin tədarükü də mövcuddur.
İtaliyanın “Leonardo” korporasiyası aviasiya və aerokosmik sənayesi üçün innovativ məhsulların geniş çeşidini təklif edir, müdafiə, təhlükəsizlik və s. sahələrdə çoxsaylı imkanları təkmilləşdirir. Mütəmadi tədqiqatlar, rəqəmsal istehsal və davamlı inkişaf şirkətin fəaliyyətinin təməl daşıdır. **
N.Abbasova