Azərbaycanda Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş 461 nəfər hərbi qulluqçu dövlət vəsaiti hesabına yeni mənzillərlə təmin olunacaq. Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. Komissiyanın sədri maliyyə naziri Samir Şərifovdur.
“Komissiyanın iclasında fərmanın icrası olaraq mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların 461 nəfərinə Bakı və Sumqayıt şəhələrində, habelə Naxçıvan Muxtar Respublikasında tam təmirli mənzillərin verilməsi barədə qərar qəbul edilib”, - məlumatda deyilir.
Nazirlikdən vurğulanıb ki, indiyədək 2712 hərbi qulluqçu mənzillərlə təmin olunub.
Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında növbəti 1461 nəfər hərbi qulluqçu mənzil növbəsinə alınıb. Beləliklə, mənzil növbəsində olan hərbi qulluqçuların sayı 3759 nəfərə çatıb.
Komissiya tərəfindən mənzillə təmin olunacaq hərbi qulluqçuların müəyyən edilməsində aşağıdakı meyarlardan istifadə olunur: hərbi rütbə, hərbi vəzifə, xidmət yeri, həqiqi hərbi xidmət müddəti, döyüş bölgəsində, döyüş əməliyyatlarında iştirak, yaralanma, travma və kontuziya, dövlət təltifləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti və xidmət dövründə mənzillə təmin olunma. **
X.Nəsirzadə