2022-ci ildə Azərbaycanın valyuta ehtiyatları $5,3 milyard (9,3% - İF-Az) artaraq $62,5 milyarda çatıb. Bunu baş nazir Əli Əsədov deyib.
“2022-ci ildə Azərbaycanın valyuta ehtiyatları $62,5 milyarda çatıb və il ərzində $5,3 milyard artıb”, - deyə baş nazir bu gün parlamentdə hökumətin 2022-ci ildəki hesabatının müzakirəsi zamanı bildirib.
O vurğulayıb ki, Azərbaycanın valyuta ehtiyatları xarici borcu 8 dəfə üstələyir.
Əsədov əlavə edib ki, 2022-ci ildə ölkənin xarici borcu $6,7 milyarda qədər və ya 9,5% azalıb və ÜDM-in 8,5%-ni təşkil edir.
Baş nazir vurğulayıb ki, 2022-ci ilin yekunları üzrə Azərbaycanda ÜDM-in nominal həcmi 133,8 milyard manat, real artım 4,6% təşkil edib.
O qeyd edib ki, mürəkkəb qlobal geosiyasi vəziyyətə və Rusiya-Ukrayna müharibəsi səbəbindən dünya iqtisadiyyatında baş verən dəyişikliklərə baxmayaraq, Azərbaycanda iqtisadi artım davam edib.*
B.Rüstəmbəyov