“Naxçıvansığorta” şirkəti 2022-ci ili 1 milyon 5 min 541,87 manat məbləğində xalis mənfəətlə başa vurub ki, bu da 2021-ci ilin göstəricisindən 11,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə sığorta şirkətindən məlumat verilib.
Şirkətin dərc edilmiş maliyyə hesabatına əsasən, hesabat ilində onun gəlirləri 2 milyon 930 min 778,64 manat, sığorta haqları 2 milyon 332,585 min manat (2021-ci illə müqayisədə azalma 7% - İF), investisiya gəlirləri 375,213 min manat təşkil edib, qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
2022-ci ildə “Naxçıvansığorta”nın xərcləri 1 milyon 673 min 851,3 manat, o cümlədən sığorta ödənişlərinin həcmi 606,987 min manat (2021-ci illə müqayisədə artım 43,7%), sığorta işinin aparılması xərcləri 799,987 min manat, təkrar sığortaya verilən risklər 14,219 min manat təşkil edib, qalan xərclər digər maddələrin payına düşüb.
2022-ci ildə şirkətin aktivləri 8,6% - 10 milyon 404,506 min manatadək artıb, öhdəlikləri 5,1% - 2 milyon 64,134 min manatadək azalıb, kapitalı isə 12,6% - 8 milyon 340,373 min manatadək artıb.
Hesabat ilində şirkətin nizamnamə kapitalı 9,1% - 7 milyon 70 manata qədər artıb.
2022-ci ildə şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 13,9% - 4 milyon 100 min manatadək artıb.
“Naxçıvansığorta” ASC 2014-cü ilin mart ayında yaradılıb.*
X.Nəsirzadə