2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 456 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 64,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvarda 195, fevralda 261 ədəd avtomobil istehsal edilib.
1 mart 2023-cü il tarixinə anbarlarda 314 ədəd minik avtomobili var.
Yanvar-fevral aylarında Azərbaycanda 164 ədəd traktor (artım 2,8 dəfə) istehsal edilib. 2023-cü il martın 1-nə anbarlarda 16 ədəd traktor var.
Bundan başqa, yanvar-fevral aylarında 112 ədəd yük avtomobili (artım 2,2 dəfə) istehsal edilib. 2023-cü il martın 1-nə anbarlarda 9 ədəd yük avtomobili var.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2022-ci ildə Azərbaycanda 2049 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2021-ci ilin göstəricisindən 1,4% azdır.*
B.Rüstəmbəyov