Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Bakının Ermənistana qarşı ərazi iddiasının olması ilə bağlı Ermənistan XİN-in bəyanatını əsassız hesab edir.
“Qərbi Azərbaycan İcmasının öz doğma torpaqlarınına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması tələbinin Ermənistana qarşı “ərazi iddiası” və “təcavüzə hazırlıq” kimi qələmə verilməsi tamamilə əsassızdır”, - deyə XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, eynilə həm sovet Ermənistanı dövründə, həm də 1990-cı illərdən bəri Ermənistan ərazisindəki minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişən, Ermənistan ərazisindən Azərbaycan izlərini pozan, tarixi abidələri dağıdan, bununla Azərbaycanının tarixi torpaqlarını erməniləşdirən Ermənistan tərəfinin Azərbaycanın “Qərbi Azərbaycan İcması” ifadəsindən istifadə etməsini beynəlxalq hüquq pozuntusu kimi təqdim etməsi riyakarlıqdır.
“Otuz ilə yaxın işğal dövründə 9 şəhər və yüzlərlə kəndi talan edən, 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən, onları öz evlərinə qayıtmaq hüququndan məhrum edən Ermənistanın, Azərbaycanın öz doğma torpaqlarını azad etməsindən və bu əraziləri bərpa etməsindən sonra məcburi köçkünlərin və qaçqınların hüquqlarından bəhs etməyə mənəvi haqqı yoxdur”, - deyə mətbuat katibi hesab edir.
O əlavə edib ki, Azərbaycan öz ərazisində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində artıq addımlar atmaqdadır.
“Azərbaycan erməni sakinlərlə dialoq aparır və xoşniyyətli addım kimi bu çərçivədə növbəti görüşün Bakıda keçirilməsini təklif edib. Ermənistan tərəfi isə bunun əksinə, Qərbi Azərbaycan İcmasının dialoq təklifini tamamilə rədd edib. Bu isə Ermənistanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığının və ikiüzlü siyasət aparmasının göstəricisidir”, - deyə A.Hacızadə qeyd edib.
Azərbaycan XİN hesab edir ki, Ermənistan tərəfinin növbəti dəfə yalan və iftira dolu bəyanatı Ermənistanın 30 ilə yaxın bir dövrdə həyata keçirdiyi işğal siyasətini, habelə hazırkı postmünaqişə dövründə Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi və gələcəkdə törədə biləcəyi təxribatları ört-basdır etmək məqsədi daşıyır.
“Azərbaycan tərəfi Ermənistanın hər bir təxribatına qarşı beynəlxalq hüquq çərçivəsində bütün zəruri addımları atacaq”, - deyə A.Hacızadə vurğulayıb.*
R.Kərimov