2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 895,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 3,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 849,2 milyon manat məbləğində heyvandarlıq, 46,4 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,4%, bitkiçilik məhsullarının istehsal həcmi 1,9% artıb.
Yanvar-fevral aylarında respublikada 90,4 min ton ət (artım 2,8%), 322,3 min ton süd (artım 1,1%) və 355,6 milyon ədəd yumurta (artım 16,1%) istehsal edilib.
DSK-nın məlumatına görə, hazırda ölkənin əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılıb.
2023-cü il martın 1-nə olan vəziyyətə görə, 54,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 8,6 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (qarğıdalı daxil olmaqla), 14,7 min hektar sahədə kartof, 11,1 min hektar sahədə tərəvəz, 19,9 min hektar sahədə yemlik bitkilər, 0,3 min hektar sahədə texniki bitkilər, 0,1 min hektar sahədə sair bitkilər əkilib.
Yanvar-fevral aylarında təsərrüfatlarda 39,5 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 0,8% çox tərəvəz məhsulları istehsal edilib.
2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 10 milyard 984,2 milyon manat (2021-ci illə müqayisədə artım 3,4%) təşkil edib.*
X.Nəsirzadə