“Azərkosmos” İsrailin “Spacecom” peyk operatoru ilə uzunmüddətli layihələrin birgə həyata keçirilməsinə dair əməkdaşlıq müqaviləsi imzalayıb.
“AMOS telekommunikasiya peyklərinin operatoru olan “Spacecom” Yaxın Şərq, Avropa və Şimali Amerikada fəaliyyət göstərir. “Azərkosmos”la əməkdaşlıq sayəsində “Azerspace” peyklərinin imkanlarından istifadə edərək “Spacecom” şirkəti xidmət coğrafiyasını genişləndirəcək, xüsusilə Afrika regionunda peyk xidmətləri və mobil rabitənin verilməsi üzrə layihələr həyata keçirəcək”, - deyə “Azərkosmos”un məlumatında bildirilir.
Yüksək ötürmə qabiliyyətli peyklərə malik olan “Spacecom” “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən teleport xidmətlərindən də istifadə etməklə müştərilərinə xidmət göstərəcək.
“AMOS peykləri vasitəsilə Avropa, Afrika və Asiyadan olan müştərilərimizin sayını artıracağıq”, – deyə “Azərkosmos”un sədr müavini Fuad Aslanov bildirib.
“Spacecom”un Gəlirlər üzrə baş direktoru Yon Rozenberq isə qeyd edib ki, şirkətin “Azərkosmos”un telekommunikasiya və teleport xidmətlərindən istifadə etməsi kosmosla bağlı birgə fəaliyyətin inkişafı üçün mühüm addımdır. ““Azerspace” peykləri Afrika bazarındakı ən dinamik peyklərdəndir və rəqəmsal yayım sahəsində keyfiyyətli xidmətlər təqdim edir”, - deyə o bildirib.
“Azərkosmos” ASC 2010-cu ildə yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.
“Azerspace-2” peyki 2018-ci ilin sentyabr ayında Kuru kosmodromundan orbitə buraxılıb.*
N.Abbasova