Prezident İlham Əliyev bəyan edib ki, Ermənistanın havadarları Bakıya qarşı informasiya müharibəsi elan ediblər.
“Erməni havadarları, Ermənistanın işğalçılıq siyasətinə şərik olan ölkələr bizə qarşı informasiya müharibəsi elan ediblər. Bəzi ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı hansısa konfranslar, simpoziumlar təşkil edirlər”, - deyə dövlət başçısı martın 18-də Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində bildirib.
O vurğulayıb ki, bəzi ermənipərəst ölkələr dünya xəritəsində olmayan, Azərbaycanın ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağın müstəqilliyi”ni tanıyırlar. “Bu, nə deməkdir? O deməkdir ki, işğal dövründə bütün bu qüvvələrin yeganə amalı bu işğalı əbədiləşdirmək idi. Bu münaqişəni həll etmək yox, dondurmaq idi”, - deyə prezident qeyd edib.
“Azərbaycan öz doğma torpaqlarını azad edəndən sonra bizə qarşı nə qədər ədalətsiz addımlar atılır, nə qədər çirkin əməllər törədilir”, - deyə Əliyev əlavə edib.*
A.Əzizov