Prezident İlham Əliyev bəyan edib ki, əgər İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımasa, Bakı da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq.
“Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var. Müharibə dövründə və müharibədən sonrakı dövrdə biz bunu nümayiş etdirmişik”, - deyə dövlət başçısı martın 18-də Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi deyir ki, 29 min kvadratkilometr ərazidə rahat yaşamaq istəyir. “Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, - hansı ki, indi onlar ancaq bunu istəyirlər, - rahat yaşaya bilərlər”, - deyə Əliyev qeyd edib.
Prezident ayrı-ayrı beynəlxalq təşkilatları və ölkələri ikili standart yürütməkdə ittiham edib. “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərliyi bu gün görün nə deyir. Bu gün deyir ki, bizə imkan verin 29 min kvadratkilometr ərazidə biz yaşayaq. Bunu işğal dövründə niyə demirdi? İşğal dövründə nə üçün bizim işğal edilmiş bütün torpaqları dırnaqarası “Dağlıq Qarabağ respublikası” adı altında birləşdirməyə cəhd göstərmişdilər, kitablar dərc edilirdi. Bu çirkin əməllərə, bu qanunsuz əməllərə göz yuman beynəlxalq təşkilatlar, bəzi ermənipərəst ölkələr nə üçün o vaxt Ermənistana irad tutmurdular? Biz nə qədər ikili standartlarla üzləşməliyik? Biz nə qədər riyakarlıqla üzləşməliyik?”, - deyə o vurğulayıb.
Əliyevin sözlərinə görə, Azərbaycan BMT Nizamnaməsinə uyğun şəkildə öz ərazi bütövlüyünü təmin edib. “Biz düşməni qovmuşuq. (...). Bu gün biz qurub-yaradırıq. O cümlədən burada, Talış kəndində, Suqovuşan qəsəbəsində, Hadrutda, Şuşada, bütün başqa azad edilmiş torpaqlarda qurub-yaradırıq. Ermənistan bu əraziləri viran qoyub, talan edib. Biz isə qurub-yaradırıq”, - deyə dövlət başçısı qeyd edib.*
A.Əzizov