Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanı regionda 44 günlük Vətən müharibəsi nəticəsində yaranmış reallığı dərk etməyə, təcavüzkar addımlardan və revanşist siyasətdən çəkinməyə çağırıb.
“Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddialarının davam etdiyini göstərən, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan, daxili işlərinə kobudcasına müdaxilə edən Ermənistan Xarici İşlər Nazirliyinin 18 mart tarixli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik”, - deyə XİN-in mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına dair şərhində bildirilib.
Hacızadə vurğulayıb: “Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının başlanmasını həzm edə bilməyən Ermənistanı bir daha regionda 44 günlük Vətən müharibəsi nəticəsində yaranmış reallığı dərk etməyə və təcavüzkar addımlardan və revanşist siyasətdən çəkinməyə təkidlə çağırırıq”.
XİN Ermənistandan ötən ilin oktyabrında Praqa və Soçidə əldə olunmuş razılaşmalara uyğun olaraq Azərbaycana qarşı ərazi iddialarına son qoymağı tələb edir.
Hacızadə vurğulayıb ki, Ermənistanın siyasi rəhbərliyinin son vaxtlar daha da kəskinləşən ritorikası, təcavüzkar mahiyyətli bəyanatları, xüsusilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birbaşa hədəf alan hərəkətləri Ermənistanın növbəti dəfə sülh üçün yaranmış tarixi fürsətdən istifadə etmək niyyətində olmadığını göstərir.
Spiker, həmçinin Ermənistanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü, 6-cı və 9-cu bəndlərini yerinə yetirməkdən boyun qaçırmaqda ittiham edib.*
A.Əzizov