Bazar ertəsinə keçən gecə hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) mövqelərini atəşə tutub, bir sərhədçi yaralanıb. Bu barədə DSX-nin mətbuat xidmətindən məlumat verilib.
“Mart ayının 20-də saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutub. Təxribat nəticəsində DSX-nin hərbi qulluqçusu kiçik çavuş Ramin Manafov qarşı tərəfdən açılmış atəş nəticəsində yaralanıb”, - məlumatda deyilir.
Məlumata əsasən, hərbi qulluqçu ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilərək əməliyyat olunub, həyatı təhlükəsi yoxdur.
“Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin tam nəzarəti altındadır”,, - məlumatda vurğulanır.
Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirir və buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür. **
N.Abbasova