Azərbaycan Xarici İşlər Nazirliyi martın 20-də gecə saatlarında bir nəfər Azərbaycan sərhədçinin yaralanması ilə nəticələnən hərbi təxribat törətdiyinə görə Ermənistanı pisləyib.
“Ermənistan tərəfinin bu növbəti hərbi təxribatını qətiyyətlə pisləyir və Ermənistan tərəfindən son zamanlar daha da artan təcavüzkar ritorikasından əl çəkməyi və bölgədə gərginliyi artıran bu kimi addımlara son qoymağı tələb edirik”, - XİN-in bəyanatında deyilir.
Həmçinin nazirlikdən vurğulanıb ki, Ermənistan tərəfi Avropa İttifaqının mülki monitorinq missiyasının ərazisində yerləşməsindən “bölgədə gərginliyi artırmaq və hərbi təxribatlarını ört-basdır etmək məqsədilə” sui-istifadəyə son qoymalıdır.
“Ermənistanda sözügedən missiyanın mövcudluğunun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanəyə çevrilməməsi zəruridir”, - bəyanatda deyilir.
Xəbər verildiyi kimi, martın 20-də saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutub. Təxribat nəticəsində DSX-nin hərbi qulluqçusu kiçik çavuş Ramin Manafov qarşı tərəfdən açılmış atəş nəticəsində yaralanıb. Hərbi qulluqçu ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilərək əməliyyat olunub, həyatı təhlükəsi yoxdur. **
N.Abbasova