21.03.2023 10:39

Yanvar-fevral aylarında Azərbaycanda yük daşımalarının həcmi 7%-dək artıb

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 33 milyon 762 min ton yük daşınıb ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 6,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yük daşımalarının strukturunda 74,7% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 25,3% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2% artıb.

Hesabat dövründə dəmir yolu ilə 2 milyon 898,8 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 14,6% çoxdur.

Dəniz nəqliyyatı ilə 1 milyon 98,9 min ton (artım 19,2%), avtomobil nəqliyyatı ilə 18 milyon 35,1 min ton (artım 2,9%), hava nəqliyyatı ilə 21,3 min ton (azalma 79,4%) müxtəlif yük daşınıb. Yanvar-fevral aylarında daxili neft kəmərləri vasitəsilə 6 milyon 48,1 min ton neft (artım 8,5%) nəql olunub.

Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.