Özbəkistan prezidenti Şavkat Mirziyoyev 2023-cü ilin sentyabr ayında Azərbaycana işgüzar səfər etməyi planlaşdırır.
Bu barədə Özbəkistan prezidenti Novruz bayramı münasibətilə Daşkənd şəhərindəki “Yeni Özbəkistan” parkında keçirilmiş təntənəli şənlik çərçivəsində Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə yaradılmış Azərbaycan sərgisini ziyarət edərkən Azərbaycan diasporunun üzvləri ilə görüş zamanı məlumat verib.
“Mirziyoyev sərgidə nümayiş olunan eksponatlarla tanış olub, Azərbaycan musiqisini və mahnılarını dinləyib. Söhbət zamanı prezident bildirib ki, sentyabrda Azərbaycana səfər edəcək və səfər çərçivəsində Füzuli şəhərində Özbəkistan dövləti tərəfindən inşa edilən məktəbin açılış mərasiminə qatılacaq”, - Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilir.
İşğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagird yerlik məktəb binası inşa edilir. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək. **
N.Abbasova