SOCAR şirkəti Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayıb.
“Tengiz” yatağından hasil edilən Qazaxıstan neftinin ilk partiyası martın 23-də “Prezident Heydər Əliyev” tankeri ilə Aktau limanından Bakının Səngəçal terminalına çatdırılıb”, - “SOCAR Midstream Operations” şirkətinin (SOCAR-ın törəmə müəssisəsi) məlumatında deyilir.
Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə1,5 milyonton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir.
“SOCAR Midstream Operations” şirkətinin məlumatına görə, Qazaxıstan neftinin növbəti partiyasını çatdıracaq “Şuşa” tankeri Aktau limanından martın 27-də Bakıya yola düşəcək.
Məlumatda deyilir ki, Qazaxıstan neftinin BTC ilə tranziti Aktau limanından Səngəçal terminalına çatdırlması məqsədilə 2023-cü ilin sonuna qədər Xəzər dənizi ilə12-14tanker reysinin həyata keçirilməsi planlaşdırılır.
“Şirkətdən qeyd olunub ki, SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində “toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib”.
“Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb”, - məlumatda vurğulanır.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Türkmənistan, Qazaxıstan və Rusiya nefti BTC boru kəməri ilə nəql olunur.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon ton və ya gündəlik 1,2 milyon barrel təşkil edir.
İstismara verildiyi 2006-cı ilin iyun ayının 4-dən 2022-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 531 milyon tondan çox (3,99 milyard barel) xam neft nəql edilib və Ceyhan limanında 5244 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
“BTC Co.” layihəsinin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və ONGCVidesh (2,36%) şirkətləridir. **
N.Abbasova